Bülent Gürçam:
Gürçam
Bülent Fərman oğlu 1962-ci ildə İğdırda anadan
olub. Əslən Qərbi Azərbaycanın Canfıda kəndindəndir.
1931-ci ildə Türkiyə ilə o zamankı Sovet Ermənistanı
arasında ikitərəfli deportasiya başlayanda atası Fərman
Əli oğlu və ailəsi də Qərbi Azərbaycandan - öz dədə-baba
torpaqlarından İğdıra köçüblər.
1980-ci ildə Bülent Gürçam Belçikanın paytaxtı Brüssel
şəhərinə yollanmışdır. İlk vaxtlar Türkiyədə çıxan «Tərcüman»
qəzetinin, daha sonra isə nüfuzlu «Hürriyyət» qəzetinin
Belçikadakı ofislərində çalışıb.
Bu illərdə Bülənt Gürçam həmçinin milli diasporumuzun
formalaşması və inkişafı naminə böyük işlərə başlayır
və bir sıra layihələr həyata keçirir.
Bülənt Gürçamın peşəkar diaspor rəhbəri kimi fəaliyyəti
1980-ci illərdən başlayır. Brüsselə gəldiyi gündən Azərbaycan
həqiqətlərinin təbliğatı ilə məşğul olan Bülənt Gürçam
1987-ci ildə Belçikada ilk türk qəzeti olan «Qürbət»
adlı qəzet nəşr edir. Elə həmin illərdə Azərbaycanda
yaranmış «Vətən» cəmiyyəti ilə əlaqələr quran Bülent
Gürçamın məqalələri «Odlar Yurdu» qəzetində də çap edilməyə
başlayır və «Vətən» cəmiyyəti ilə bir sıra tədbirlər
həyata keçirir. O, Belçikada dəfələrlə «Xocalı çadırı»
təşkil etmiş, Ümümdünya Gömrük Təşkilatının Brüsseldəki
mərkəzi malikanəsi önünə bütün türk dünyasının rəmzi
olan Dədə Qorqud abidəsinin qoyulmasını təşkil etmiş,
üzərində Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın çağdaş
prezidenti İlham Əliyevin şəkilləri olan xüsusi poçt
markaları nəşr etdirmiş, azərbaycanlı əlillərə təmənnasız
olaraq Hollandiyadan əlil arabaları alıb gətirmiş, milli
bayramlarımızda, xüsusilə Qurban bayramında Azərbaycanın
bölgələrində məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə
baş çəkərək onlara qurbanlar paylamış, paytaxt Bakıda
ilk dəfə olaraq Avropada geniş qeyd olunan «Qonşular
bayramı»nı təşkil etmiş, xarici turistlər üçün fransız
dilində «Azərbaycan milli mətbəxi» adlı kitab nəşr etdirmiş»
və bir sıra yaddaqalan tədbirlər həyata keçirmişdir.
«Vətən» cəmiyyətinin dəstəyi ilə 1989-cu ilin dekabr
ayında vətəni görmək üçün Azərbaycana gələn Bülənt Gürçam
qanlı 20 yanvar hadisələrinin şahidi olmuş və bu hadisələri
özü ilə gətirdiyi video-kamera və foto-aparatlarla çəkərək
bütün dünyaya yaymışdır. 1990-cı il yanvar ayının (ocaq
ayının) sonunda Bakıdan çıxarılan Bülənt Gürçam Moskvaya
yola düşərək orada Beynəlxalq KİV nümayəndələri ilə
canlı əlaqələr quraraq Bakıdakı hadisələri xarici dillərdə
bütün dünyaya çatdırmışdır.
B. Gürçam 1995-ci ildə Brüsseldə ilk Azərbaycan səfirliyinin
yaranmasında iştirak etmiş, 2000-ci ilədək, 5 il müddətində
səfirlikdə çalışmışdır.
Lakin vətəndaşlıq statusu ala bilmədiyi üçün öz ərizəsi
ilə tutduğu vəzifədən istefa vermiş və 2000-ci ildə
«Belçika Azərbaycan Evi» adlı diaspor təşkilatı yaratmışdır.
«Belçika Azərbaycan Evi» Azərbaycan mədəniyyətini, tarixini,
incəsənətini avropalılara tanıtmaq, eləcə də dünya azərbaycanlılarını
bir araya toplamaq məqsədilə yaradılmış bir diaspor
təşkilatıdır.
2000-ci ildən «Azərbaycan Kültür və İnformasiya» dərgisini,
2003-cü ildən isə hər il Xocalı faciəsinin anımı ərəfəsində
dörd dildə «Genocide» jurnalını nəşr edən Bülent, Xocalı
həqiqətləri, ermənilərin azərbaycanlılara qarşı terrorçu
əməlləri barədə avropalılara bu gün də ən yeni və operativ
informasiyalar verməkdə davam edir.
Xatırladaq ki, Bülent Gürçam Azərbaycan Beynəlxalq Universitetinin
hüquq fakültəsini bitirib.
|