I Ümumrespublika Dekorativ-tətbiqi Sənət Festivalı
[24 Dekabr, 2009]
Festival zamanı nümayiş etdirilən dekorativ-tətbiqi sənət əsərləri aşağıdakı əsas növlərə ayrılır: xalçaçılıq, batika, qobelen, toxunma qrafika, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma), dulusçuluq (keramika), bədii tikmə, bədii şüşə, toxuma (mil və qarmaqla toxuma), makrame, zərgərlik, bədii dəri işləmə, bədii döymə, prioqrafiya (ağac, dəri, tikmə üzərində yandırma üsulu ilə naxış açma). Festivala hazırlıq işləri 2009-cu ilin fevral ayında başlanmışdır. 2009-cu ilin aprel ayının 1-də Gəncə şəhərində bölgənin 14, may ayının 1-də Lənkəranda bölgənin 12, may ayının 15-də Şəkidə bölgənin 12, may ayının 30-da Xaçmazda bölgənin 8 rayonun, sentyabr ayının 24-də Sumqayıtda Sumqayıt və Abşeron rayonunun, noyabr ayının 3-də Bakı şəhərinin xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət regional sərgilər keçirilmişdir. Hazırkı sərgi isə Festivalın Yekun sərgisidir. Bu sərgidə artıq regional mərkəzlərdə keçirilmiş sərgilərdən Festivalın Təşkilat komitəsi tərəfindən seçilmiş bədii əhəmiyyəti ilə seçilən dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunur. Sərginin rəsmi açılış mərasimi cari il dekabr ayının 24-də, saat 15.00-da Muzey Mərkəzində (Ünvan: Neftçilər prospekti, 123A) keçiriləcəkdir. Respublikanın bütün şəhər və rayonlarını əhatə edən Festivalın bağlanışından sonra yekun sərgidə nümayiş etdirilən əsərlərdən ibarət nəfis tərtibatlı kataloq çap olunacaqdır.