Regionlarda İdman festivalları təşkil ediləcək [19 Noyabr, 2009]
“Yerli İdarəetməyə Yardım” İctimai Birliyi, UNICEF (BMT-nin Uşaq Fondu) Azərbaycandakı Nümayəndəliyi ilə imzaladığı qrant müqaviləsi çərçivəsində Şirvan şəhəri və Hacıqabul rayonunda “HİV\QİÇS və digər riskli davranışlar nəticəsində qazanılan xəstəliklərə qarşı mübarizədə uşaq və gənclərin iştirakının artırılması” adlı layihənin icrası davam etməkdədir. Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihənin icraçı tərəfdaşları Böyük Britaniyanın İdman Şurası və Britaniya Şurasıdır. Layihə UNICEF (BMT-nin Uşaq Fondu) Azərbaycandakı Nümayəndəliyinin “Gənclərin İştirakı və İdman” Proqramı çərçivəsində həyata keçirilir.<<>>
Layihənin məqsədi uşaqların, gənclərin, xüsusi ilə qızların regionda mövcud HİV/QİÇS və digər riskli davranışlar nəticəsində qazanılmış xəstəliklərin aradan qaldırılmasında iştirak imkanlarını artırmaq, Şirvan və Hacıqabul regionlarında riskli davranışlar nəticəsində qazanılan xəstəliklərə qarşı mübarizədə idman festivalının keçirilməsini təşkil və təşviq etməkdən ibarətdir.
Qarşıya qoyulan məqsədə nail olmaq üçün 26.09.2009 - 01.10.2009-cu il tarixlərində Lənkəran şəhərində, “Palıdlı Sahil” İstirahət Mərkəzində “Sağlam Gənclik-Sağlam Gələcək” devizi altında düşərgə təşkil edilmişdir. Layihə fəaliyyətinin davamı olaraq düşərgədə iştirak etmiş uşaq və gənclərin, o cümlədən qızların birbaşa iştirakı ilə Şirvan şəhəri və Hacıqabul rayonunda bir dəfə “Sağlam Gənclik-Sağlam Gələcək” devizi altında İdman Festivalları keçiriləcəkdir.
İdman Festivalının keçirilməsinin məqsədi – HİV\QİÇS və digər riskli davranışlar nəticəsində qazanılan xəstəliklər, xəstəliyin yaratdığı fəsadlar haqqında ictimaiyyəti məlumatlandırmaq, zərərli vərdişlər nəticəsində yaranan xəstəliklərlə əsas mübarizə metodu kimi idmandan istifadəni təşviq etməkdən ibarətdir.