“EcoVision” jurnalının ilk sayı nəşr edildi
[17 Noyabr, 2009]
Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) milli biznesin inkişafına dəstək vermək, iş adamlarını ən zəruri informasiya ilə təmin etmək və sahibkarların fəaliyyətləri zamanı qarşılaşdıqları çətinliklərin həllində yardımçı olmaq məqsədilə “EcoVision” adlı jurnal təsis edib.
Jurnalın ilk sayında ölkə və dünya iqtisadiyyatı ilə bağlı məlumatlarla yanaşı, ATİB İdarə Heyətinin sədri Ahmet Erentokun müəllif yazısı, biznes sahəsində uğur qazanmış iş adamı Cemal Yangının tövsiyyələri oxucuların diqqətinə çatdırılır. Burada qlobal böhrandan sonra Azərbaycanın maliyyə sektoru və səhiyyə sektorunun mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı araşdırmalar, hüquqşünas məsləhətləri, ölkə qanunvericiliyinə əlavə və dəyişikliklər haqqında məlumatlar yer alır. Jurnalda yaxın perspektivdə həyata keçirilməsi nəzərdə tutulan iqtisadi tədbirlər, həmçinin biznes təklifləri öz əksini tapır.
Azərbaycan və dünyada baş verən iqtisadi hadisələrin təhlili və ən son yeniliklər təqdim olunur, beynəlxalq mühasibat uçotuna keçid problemləri təhlil edilir.
İlk vaxtda rüblük olaraq buraxılması planlaşdırılan jurnalın ilk nömrəsinin tirajı 3000 nüsxədir. Jurnalın dövlət təşkilatları, hökumət orqanları, QHT-lər, şirkətlər, ali təhsil müəssisələri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinə pulsuz yayılması nəzərdə tutulub.
Aytac Axundova
“EURO Xəbər”