Əsgər Pərvin Əhmədov:“Ayağımı vətən yolunda itirmişəm” [30 Oktyabr, 2009] “Blindajın yanında küçüyümüz ölmüşdü. Çavuş tapşırdı ki, onu aparıb atım, xoşagəlməz iy ətrafı bürüməsin. Iti götürüb bir qədər aralı əraziyə yollandım. Qayıdanda özüm də bilmədən neytral ərazidə minaya düşdüm. Ondan sonra olanları xatırlamıram. Tək bildiyim şey ayağımın birini Vətən yolunda itirməyimdir....”- ömrünün on doqquzuncu ilində düşmənlə təmas xəttində gecə-gündüz Vətən sərhədlərinin keşiyini çəkən, xidmət zamanı mina partlayışında
sağ ayağını itirmiş Pərvinlə hospitalda görüşdüm.<>Yolboyu həyatın ağır sınaqlarının indidən bu gəncin qapısının ağzını kəsdirməsini, ən çox da onunla söhbətimizin necə alınacağını düşünürdüm....
Əsgər ziyarəti
Pərvin Vaqif oğlu Əhmədov 1990-cı ildə Bakıda anadan olub. 2009-cu ilin yanvarında Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. O, Tovuz rayonunda düşmənlə təmas xəttində “N” saylı hərbi hissədə əsgəri xidmətini yerinə yetirmək üçün yollanıb. Bu il sentyabrın 28-i minaya düşüb. Əsgər ağır vəziyyətdə Şəmkirin Sabir kəndindəki tibb məntəqəsinə çatdırılıb. Daha sonra Müdafiə Nazirliyinin ayırdığı təyyarə ilə Bakıya- Hərbi Klinik Hospitala gətirilib. Əgərin bir ayağı amputasiya olunsa da, həkimlərin səyi nəticəsində Pərvini həyata qaytarmaq mükün olub.
Hadisə necə oldu?
Hər şey hərbi hissədə əsgərlərin bəslədikləri iki balaca küçükdən başlayıb. Pərvin deyir ki, bu iki küçük, eləcə də xidmətdə istifadə olunan itlər onların ayrılmaz xidmət yoldaşları olub. Onlar hürərək düşmən kəşfiyyatının fəaliyyəti, eləcə də digər təhlükəli məqamlarda əsgərlərə xəbərdarlıq edirmişlər. Lakin küçüklərdən birinin qəfil ölməsi və blindajın önündə meyidinin qalması əsgərlərin işini artırıb. It cəsədinin səngərdən uzaq bir yerə atılması isə əsgər P. Əhmədova tapşırılıb: “Sentyabrın 28-i yağışlı hava idi. Səhər-səhər postdan düşdüm. Çavuş tapşırdı ki, küçüyü blindajdan uzaq bir yerə atım. Gecə kəşfiyyat gələndə hürür, bizə yardımçı olurdu. Həmin gün özümü qəribə hiss edirdim, sanki ürəyimə nəsə dammışdı. Iti atıb gələndə minaya düşdüm.”-deyə əsgər bildirdi. Anası Sədiqə Məmmədova deyir ki, oğlunun Şəmkirdəki tibb məntəqəsinə çatdırılmasını sonradan biliblər. Anası və digər qohumları oğlunu ziyarətə gedəndə o, koma vəziyyətində olub.
“ Həkimlərin söylədiyinə görə Pərvin yaralandığını bizim bilməmizi istəməyib. Səbəbini soruşanda atasının xəstə olmasını söyləyib. Sonra Tovuzdan yaxın birini
məsələdən xəbərdar edib, biz də bilmişik. Kəllə-beyin zədəsi aldığından həkimlər onu Bakıya çatdırmağın təhlükəli olduğunu dedilər. Ancaq oğlum bir az özünə gələndən sonra onu vertalyotla Bakıya gətirdilər. Onun sağ qalmasına görə həkimlərin gərgin əməyinə borcluyuq.”- əsgər anası Sədiqə xanım kövrəldi. Əsgərin huşu özünə gələndən sonra onun gözündəki qəlpə də çıxarılıb. Kəllə-beyin zədəsi əsgərin yaddaş pozğunluğuna gətirib çıxarıb. “Hətta partlayış yaddaşına o qədər təsir etmişdi ki, huşu özünə gələndə mənə dedi ki, anacan, mən özüm yeriyib, iki günə evə gəlmişəm. Bəzi şeyləri xatırlamır, xatırlamaqda çətinlik çəkir”-əsgər anası hüznlü-hüznlü bildirdi.
Cəbhədə nə var, nə yox?
Bəhruzun partlayışdan çətinliklə danışmasını görüb söhbətin axarını dəyişirəm. “Cəbhədə nə var, nə yox?”-sualı onu həvəslə söhbətə davam etməsinə səbəb olur. Bəhruz deyir ki, ilk dəfə postda xidmətini güllə altında keçirib.
“ Ermənilər iki-üç gündən bir, daha çox axşam və gecə saatlarında bizim tərəfə atırlar. İlk dəfə atışmanın şahidi olanda, postda idim, əsgər yoldaşlarım mənə dayaq oldular. Yalnız o zaman sərhəddə keşik çəkməyin necə çətin bir iş olduğunu gördüm.”-əsgər Pərvin belə deyir. Onun sözlərinə görə qarşı tərəf atəşkəsi pozmaqla kifayətlənmir, qadın snayperlərdən də faydalanır, işıq saçan güllələrdən istifadə edirlər.
“Əmr olunsa, yenə hissəyə qayıdaram”
Bir ayağını itirmiş əsgərin indi ən böyük arzusu tezliklə sağalıb ayaq üstə durmaqdır. ”Ayağımı vətən üçün itirmişəm. Bu dəqiqə əmr olunsa, yenə də əsgərliyimin qalan hissəsini çəkmək üçün gedərəm. Ancaq hərdən baxıram, tay-tuşlarım gəzirlər. Bu həqiqətən də mənə çox pis təsir edir...”-gözləri məchul nöqtəyə zillənmiş Pərvin söhbətinə ara verir. Əsgər anası isə arzulayır ki, dövlətin maddi-mənəvi dəstəyilə Türkiyədə oğlu protez ayaqla təmin edilsin.
Əsgər minaya düşməyə bilərdimi?
Bu gün sərhəd zonalarında rast gəldiyimiz partlayışların çoxu Ermənistanın Azərbaycana təcavüzündən qalan “yadigarlarıdır”. Lakin neytral ərazidə minanın tapılması bir sıra suallar ortaya çıxarır. Bu ərazidə mina necə basdırıla bilər? Bu kimin işi olar? Ehtimallara gəlincə, birinci versiyaya görə vaxtilə Tovuzda döyüşlər getdiyindən, mina həmin dövrdən qala bilər. ” Mina olma ehtimalı böyük olan ərazilər müşahidə üçün çıxdığımız yerlərdə, yüksəkliklərdə daha çoxdur. Həmin ərazilər düşmən kəşfiyyatçılarının hədəfindədir. Onlar orada gəzişirlər.”-əsgərin bu fikri ikinci versiyaya səbəb olur. O bölgələrə bələd olan əsgərin sözlərindən çıxan məntiqə əsaslansaq, düşmən tərəfinin neytral əraziyə girib mina basdırmaq iddiası tamamilə inandırıcı görünür. Belə olan halda təbii sual doğur: bu, nə üçün baş verir, sərhədlərimizi qoruyanlar niyə belə faktları vaxtında aşkara çıxara bilmirlər? Düşmənlə üzbəsurət mövqedə belə suallar çox düşündürücüdür. Ümidvarıq ki, müdafiə nazirliyində belə hadisələrdən lazımı nəticə çıxarılıb tədbirlər görülür və konkret olaraq əsgər Pərvin Əhmədovun taleyi də onların diqqətindən kənarda qalmayacaqdır.