Dövlət Gömrük Komitəsi narkotik alverinə qarşı uğurlu əməliyyatlar keçirib [26 Oktyabr, 2009] Bakı Şamaxı yolunda əvvəlcədən zibillikdə gizlədilmiş tiryək torbalarını götürərkən biri İran vətəndaşı olmaqla iki nəfər keçirilmiş əməliyyat nəticəsində saxlanılıb. Bu barədə “Euroxəbər”ə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildiriblər.
Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin keçirdiyi əməliyyat nəticəsində İran vətəndaşı Asad Karim Tavakkoli Kordlar və Azərbaycan vətəndaşı Rafiq Məhəmməd oğlu Babaşov saxlanılıb. <>Onların hər ikisi R. Babaşovun idarə etdiyi VAZ 21150 markalı 09-BH-513 dövlət nömrə nişanlı avtomobil ilə Abşeron rayonu Müşviqabad qəsəbəsi, Bakı-Şamaxı yolunun 35-ci km hissəsinin kənarına gətirilmiş və orada zibillikdə qabaqcadan gizlədilmiş və ümumi çəkisi 19 kq 860 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Narkotik vasitələr aşkar edilərkən 2 ədəd polietilen kisədə 21 ədəd ayrı-ayrı çəkilərdə və formalarda olan bağlamalarda olub.
Qeyd olunan fakt üzrə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2. 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.
İstintaq zamanı müəyyən edilib ki, Azərbaycan vətəndaşı Rafiq Babaşov, İİR vətəndaşı Asad Karim Tavakkoli Kordlar və şəxsiyyətləri istintaqa məlum olmayan “Rəhmət”, “Mirqiyas” və “Akif” adlı şəxslərlə qabaqcadan əlbir olub, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, daşınması və saxlanması barədə sövdələşərək, “Mirqiyas” adlı şəxsin gömrük nəzarətindən gizli keçirməklə Azərbaycana göndərdiyi 19 kq 860 qram narkotik vasitə olan tiryəki satış məqsədi ilə əldə etmişlər.
Daha sonra “Mirqiyas” adlı şəxsdən narkotik maddələri satmaq barədə aldığı göstərişə əsasən R. Babaşov A.K.Tavakkoli Kordlarla Bakı şəhərində görüşərək narkotik maddələri “Akif” adlı şəxsə 37000 ABŞ dollarına satmağa razılaşmış, bu məqsədlə yaşadığı mənzildə külli miqdarda narkotik vasitəni polietilen kisələrə qablaşdıraraq özünün idarə etdiyi VAZ 21150 markalı 09-BH-513 dövlət nömrə nişanlı maşının yük yerinə qoymuş və onunla birgə Bakı-Şamaxı yolunun 35-ci km hissəsinin kənarına gətirərək satmaq istəyərkən DGK Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdərəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Rafiq Məhəmməd oğlu Babaşova və Asad Karim Tavakkoli Kordlara Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə ittiham elan edilərək Yasamal rayon məhkəməsi tərəfindən barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Daha bir fakt isə Astara Gömrük İdarəsində aşkarlanıb.
Belə ki, bu idarənin Sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikası istiqamətindən daxil olan Bahəddin Oruc oğlu Quliyevin idarə etdiyi “İkarus” markalı 10-KU-350 dövlət nömrə nişanlı sərnişin avtobusuna keçirilmiş gömrük baxışı zamanı avtobusda olan, üzərində “Sun FLOOR” sözləri yazılmış 25 ədəd karton qutulara baxış keçirilmiş, həmin qutulardan 3-nün içərisindən 30 ədəd bağlamada ümumi xalis çəkisi 30 kq 200 qram narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülmüşdür.
Bundan sonra DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabuncu rayonu ərazisinə gətirilmiş 30 kq 200 qram kustar üsulla hazırlanmış həşiş qətranı 3 ədəd qutunun içərisinə qablaşdırılmış şəkildə qeyd olunan sərnişin avtobusundan Azərbaycan Respublikasının vətəndaşları Vüsal Əbdüləli oğlu Məmmədov, Amil Şamil oğlu Əliyev tərəfindən qəbul edilərək, Şakir Əhməd oğlu Nadirovun idarə etdiyi “QAZ-33021” markalı, 85-BE-049 dövlət nömrə nişanlı avtomaşına yüklənərkən sonuncular saxlanılmışdır.
Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə faktına görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmış, istintaq aparılmışdır.
İstintaq zamanı müəyyən edilmişdir ki, Vüsal Məmmədov, şəxsiyyəti istintaqa məlum olmayan “Oqtay” adlı şəxslə narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda əldə etmə, saxlama, daşıma, satma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “Oqtay” adlı şəxsin İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən əldə etdiyi, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə “İkarus” markalı 10-KU-350 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə göndərdiyi külli miqdarda, ümumi xalis çəkisi 30 kq 200 qram kustar üsulla hazırlanmış həşiş qətranını Bakı şəhəri, Sabunçu rayonu ərazisində qəbul etmişdir.
Beləliklə, Vüsal Əbdüləli oğlu Məmmədov şübhəli şəxs qismində saxlanılmış, ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş və barəsində Yasamal rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayətkar qrupun digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq hərəkətləri davam etdirilir.