“Leyli və Məcnun” operası Daşkənd səhnəsində nümayiş olunacaq
[26 Oktyabr, 2009]
Dahi bəstəkar Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operası Daşkənddə Əlişir Nəvai adına Dövlət Akademik teatrında səhnəyə qoyulacaq. Operanın noyabrın 5-i nümayişi nəzərdə tutulur. Bu barədə məlumatı mediaforum saytı yayıb. Bu mədəni tədbir Azərbaycanın Özbəkistandakı səfirliyinin təşəbbbüsü ilə hər iki ölkə hökümətlərinin humanitar sahədə əməkdaşlıq çərçivəsində razılaşmasına əsasən həyata keçirilir.
Özbəkistanda “Leyli və Məcnun” əsəri ilk dəfə olaraq 1916-cı ildə Daşkənd şəhərində səhnəyə qoyulub. Keçən əsrin iyirminci illərində isə azərbaycanlıların təşəbbüsü ilə əsər teatr səhnəsində iki dəfə nümayiş edilib.
İndiyə qədər dahi bəstəkarın bu əsəri Tiflis, İstanbul, Kazan, Kiyev, Moskva, Sankt Peterburq və Paris səhnələrində oynanılıb.
Qeyd edək ki, YUNESKO-nun 32-ci sessiyasında ”Leyli və Məcnun”operasının 2008-2009-cu illər ərzində 100 illik yubileyinin keçirilməsi barədə qərara alınıb.
Euroxəbər