Haaqada Xocalı soyqırımı ilə bağlı məhkəmə olacaq [15 Oktyabr, 2009] Gələn ilin fevral ayında Haaqada Xocalı soyqırımı ilə bağlı beynəlxalq ictimai məhkəmənin keçirilməsi planlaşdırılır. Həmin ictimai məhkəmədə Ermənistan Silahlı Qüvvələri və onların havadarlarının Azərbaycanın əbədi-əzəli torpqalarında törətdikləri vəhşiliklər mühakimə olunacaq.
Bu barədə məlumatı “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, jurnalist Şamil Sabiroğlu Təfəkkür Universitetində “Xocalı fotolarda” adlı sərgidə tələbələrlə görüşündə bildirib. Onun sözlərinə görə layihə Hollandiyanın Haaqa şəhərində fəaliyyət göstərən“Türklərin Soyqırımlarını Araşdırma Vəqfi” ilə birgə həyata keçiriləcək. “Bununla bağlı hazırlıq işləri gedir, artıq bir çox şahid ifadələri alınıb, rəsmi imzalarla təsdiq edilib. Məqsədimiz ermənilərin Qarabağ müharibəsində dinc əhaliyə etdikləri vəhşiliyi, Xocalı soyqırımını beynəlxalq ictimaiyyətə çatdırmaq, nüfuzlu qurumların Xocalıda törədilmiş qırğını soyqırım kimi tanınmasına nail olmaqdır. Bu işlərlə biz qeyri hökümət təşkilatı kimi dövlətin bu sahədə apardığı siyasətinə yardımçı olmağa, dəstək verməyə çalışırıq.”-Ş. Sabiroğlu bildirdi.
Tədbirdə Xocalı rayonu icra hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Yavər Əzimov atasını, bacısı və digər doğmalarını itirmiş şair Yusif Savalanoğlu Təfəkkür Universitetinin prorektoru, professor Rəhim Hüseynov və başqaları 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda şahid olduqları hadisələrdən danışdılar. Sonda 39 saylı orta məktəbin 5ç sinif şagirdi Şamilə Ələkbərli şair Zəlimxan Yaqubun Xocalıya həsr edilmiş şeirini söylədi. Rəsmi çıxışlardan sonra tələbələrə Xocalı faciəsi zamanı foto müxbirlərin çəkdiklərini sənədli fotolar nümayiş olundu.
Qeyd edək ki, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyi 2007-ci ilin sentyabr ayında yaradılıb.