Sabah Belçikada “Xocalı Çadırı” qurulacaq
[25 Fevral, 2009]
Sabah, 26 fevral 2009 tarixində saat 08.00-15.00 arasında Belçika Azərbaycan Evi (BAE) Belçikanın mərkəzində yerləşən “Place du Schuman” meydanında “Xocalı Çadırı” quracaq. Çadırda Xocalı soyqırımını əks etdirən foto sərgi və sənədli film nümayiş etdiriləcək, ingilis, fransız və türk dillərində bu soyqırım barədə məlumatı özündə əks etdirən broşurlar və keçən il BAE-nin Xocali soyqırımı ilə əlaqədar nəşr etdirdiyi fransız dilində olan “Əsir Torpaq Qarabağ” adlı kitab paylanacaqdır.
Çadırın ətrafında fransız dilində “İşğal edilmiş şəhər Xocalı” (La ville occupée - KHODJALY), “Ədalət haradadır?” (Où est la Justice?), “17 ildir ki, qaçqınlar öz yurdlarına qayıtmaq istəyirlər!” (Ça fait 17 ans que les réfugiés veulent rentrer à leurs villages !), “Cinayətkarlar cəzalandırılmalıdırlar!” (Les coupables doivent être punis et jugés !), “Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilmişdir!” (Le Haut - Karabakh est occupé par l’Arménie) kimi şüarlar asılacaqdır.
Çadırda “İmza Kampaniyası” təşkil olunacaq və ziyarətçilərin imzaladığı bu sənədlərin Brüssel məhkəməsinə çatdırılması üçün artıq vəkil tutulmuşdur.
Çadırda həmçinin ziyarətçilərə çay paylanacaqdır.
Tədbirdən sizə foto şəkillər göndəriləcəkdir və tədbir zamanı Bülent Gürçamla əlaqə yaratmaq istəyirsinizsə +32 475 706 589 nömrəli telefona zəng vura bilərsiniz!
Hörmətlə,
BAE-nin mətbuat xidməti