Dövlət Gömrük Komitəsi nümayəndələrinin ATİB üzvləri ilə görüşü [23 Fevral, 2009] ATİB ofisində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük nəzarətinin təşkili baş idarəsinin baş inspektoru Mahir İbrahimov, Maliyyə tarif və valyuta nəzarəti baş idarəsinin vergi və yığımlar şöbəsinin rəisi Rüfət Elçiyev ilə ATİB üzvlərinin görüşü keçirildi. Görüşdə məqsəd gömrük siyasəti və qanunvericiliyi sahəsində yeniliklər, vahid pəncərə sisteminin tətbiqi, gömrük tarifləri və s. barədə iş adamlarını məlumatlandırmaq idi.
M.İbrahimov vahid pəncərə sisteminin tətbiq olunması məsələsinə toxunaraq bildirdi ki, bu sistemin tətbiq olunmasında əsas məqsəd mal və məhsulların operativ və tez keçirilməsinin təmininin təşkilidir. “Əvvəllər iş adamları sərhəddən keçərkən vaxt itkisi yaşayırdılar. Lakin indi həyata keçirilməsi planlaşdırılan yenidənqurma işlərinin nəticəsində sərhəddəki vaxt itkisi minimuma endiriləcəkdir”.
M.İbrahimov AR-nın yeni gömrük məcəlləsinin hazırlanaraq Milli Məclisə təqdim oldunduğunu bildirdi. O, həmçinin riskin idarə olunması baxımından ölkə ərazisinə gələnlər üçün qırmızı, sarı, yaşıl və s. koridorların tətbiq ediləcəyini söylədi. “Mal və nəqliyyat vasitələri sərhəddə təqdim olunandan sonra qanunvericiliklə müəyyən edilmiş heç bir pozuntu olmazsa 20 dəqiqə ərzində keçməsi təmin ediləcək.
R.Elçiyev isə Dövlət Gömrük Komitəsinin Avropa gömrük təşkilatlarına üzv olmaq istəyindən söz açaraq bildirdi ki, tariflər sisteminin 7 pillədən 3 pilləyə endirilməsi gözlənilir. O, gömrük yığımlarının ÜTT-nin tələblərinə uyğun olaraq yeganə yığım-optimal məbləğin müəyyən edilməsi üzərində işlənildiyini qeyd etdi.