Xocalı qətliamı. Bu son olsun! [25 Fevral, 2009] Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondu (ATAF) tərəfindən Xocalı soyqırımının ildönümünə həsr olunmuş “Xocalı qətliamı. Bu son olsun” adlı qısametrajlı film çəkilmişdir. Film 26 fevral 2009 tarixində yerli və xarici televiziya kanalları və internet vasitəsilə bütün dünyada yayımlanmaq məqsədilə ərsəyə gətirilmişdir. Çəkilişləri Türkiyədə aparılan filmin rejissoru Türkiyənin tanınmış sənətçisi, Berlin festivalının laureatı Korhan Yurtsevərdir. Film türk dilində çəkilmiş, azərbaycan, ingilis və rus dillərinə tərcümə edilmişdir. Qeyd edək ki, film Ümumrusiya Azərbaycan Konqresinin vasitəsilə Moskvada və Rusiyanın digər şəhərlərində, Azərbaycan Türkiyə Amerika Fondunun (ATAF US) vasitəsilə ABŞ-da və Marmara Vakfı və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının Türkiyədə həyata keçirəcəkləri tədbirlərdə nümayiş etdiriləcək. Filmin afişaları İstanbulun mərkəzi küçələrində asılacaq və internet vasitəsilə beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılacaqdır. Eyni zamanda filmin Türkiyənin bir sıra aparıcı telekanalları vasitəsilə nümayiş etdirilməsi də gözlənilir.
Qeyd edək ki, film 15 noyabr 2008-ci ildə Azərbaycan Atatürk Mərkəzində Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondunun Himayəçilər Şurasının ikinci toplantısının yekununda qəbul edilmiş qərar əsasında çəkilmişdir. Euro Xəbər