O, əksər yazıçıların ehtiyatla yanaşdığı bir mövzuya toxunub [11 İyul, 2008] Niderlandda yaşayan həmyerlimiz, ANA VƏTƏN Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, yazıçı, hüquqşünas, tərcüməçi və həmçinin rejissor fəaliyyəti ilə məşğul olan Gülşən Lətifxanın sayca ikinci olan “Azər və Aida” adlı romanının təqdimat mərasimi keçirildi. Tədbir Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuşdu. İllüstrasiyaları Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətova məxsus olan “Azər və Aida” romanı etnik problemlər zəminində yazılmış bir əsər olub Qarabağ müharibəsi və ondan sonrakı dövrdə iki gənc insanın faciəli taleyini özündə təcəssüm etdirir.
Tədbiri açıq elan edən şair, sosioloq Əhməd Qəşəmoğlu Gülşən xanımın yaradıcılığına bələd olan bir oxucu timsalında Azərbaycanı Niderlandda layiqincə təmsil edən bu xanımın yaradıcılığına bir nəzər saldı. O, Gülşən xanımı 90% yazıçıların ehtiyatla yanaşdığı bir mövzuya toxunması münasibətilə təbrik edib yaradıcılığı ilə Avropanı , hətta dünyanı belə fəth edə biləcək gücdə olduğunu söylədi. Tədbirdə öz ürək sözləri ilə çıxış edən xalq artisti Rasim Balayev əsərin kino dilinə yaxın olması səbəbindən tezliklə film barəsində düşünmənin vacibliyini vurğuladı.
Gülşən xanımın hər iki kitabına rəy yazan tanınmış yazıçı Çingiz Abdullayev isə bildirdi ki, “Mənə rəy yazmaq üçün yüzlərlə müraciət olunur. Amma mən Gülşən xanımın əsərini “təxirəsalmadan” oxumağa qərar verdim və peşman da deyiləm” dedi.
Gülşən xanımın bu əsərdən başqa real hadisələr və faktlara əsaslanan “ Nəslimizin qızları” romanı və 2005-ci ildə lentə aldığı gənclərin yaşlı nəslə laqeyd münasibətindən bəhs edən “Domino” adlı qısametrajlı bədii filmi var.