Qarabağ Azadlıq Təşkilatından saytımıza daxil olan bəyanatın mətni ilə tanış olun [07 İyul, 2008] Macarıstan höküməti Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu dəfələrlə bəyan etmişdir. Bu ölkənin Baş naziri Ferens Dürçanın bu gün Azərbaycanda başlayan səfəri də həmin niyyətdən irəli gəlir. Biz də iki ölkə arasında əməkdaşlığın inkişafının tərəfdarıyıq. Lakin Azərbaycan Ordusunun zabiti Ramil Səfərov haqda Budapeşt məhkəməsinin ədalətsiz qərar çıxarması və artıq 5 ildir ki, orada həbsdə saxlanılması iki ölkə arasındakı münasibətlərə ciddi kölgə salır. Dünyanın heç bir yerində 1 nəfərin öldürülməsinə görə ömürlük həbs cəzası verilmir. Eyni zamanda qətl hadisəsinin törədilmə motivləri, konkret şərait, Ramil Səfərovun mənəvi-psixoloji durumu Budapeşt şəhər məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Biz hesab edirik ki, Budapeşt şəhər məhkəməsi, həmçinin sonrakı instansiya məhkəmələri Ramil Səfərov haqda hüquqi deyil, erməni lobbisinin təsiri altında siyasi qərar qəbul etmişlər. Ona görə də ədalətsiz məhkəmə hökmü dəyişdirilməli və Ramil Səfərov Azərbaycana ekstradisiya edilməlidir. Əks halda Azərbaycanla Macarıstan arasında xoş münasibətlər və əməkdaşlıq əlaqələrinin qurulması cəhdləri ciddi maniələrlə üzləşəcəkdir.